CƏMİYYƏT
Tibb Universitetinin əməkdaşları beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” məqsədli 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsində uğur qazanıblar.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin Fondun Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə birgə elan etdiyi müsabiqəyə 9 layihə təqdim olunub.
Müsabiqənin qaliblərindən biri də Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Türkiyənin Yıldız Texniki Universitetinin alimlərindən ibarət müvəqqəti yaradılmış komandanın təqdim etdiyi layihə olub. Müsabiqədə qalib gələn birgə layihə yeni peptid əsaslı antimikrobial agentlərin dizaynı və öyrənilməsinə həsr olunub.