İDMAN


Tokio Olimpiadasının təşkilat komitəsinə Seyko Haşimoto rəhbərlik edəcək

Tokio, 18 fevral, AZƏRTAC

Yaponiyanın Olimpiya Oyunları üzrə sabiq naziri xanım Seyko Haşimoto Tokio Olimpiadasının təşkilat komitəsinə rəhbərlik edəcək. “Tokio 2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin fevralın 18-də keçirilən iclasında S.Haşimoto komitənin sədri vəzifəsinə təsdiqlənib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə S.Haşimotonun fevralın 18-də Baş nazir Yoşihide Suqa ilə görüşündən sonra məlumat verilib. Bildirilir ki, Olimpiadanın təşkili üzrə komissiyanın təklifini qəbul edən 56 yaşlı xanım S.Haşimoto nazir vəzifəsindən istefa verib.

Baş nazirlə görüşdən sonra S.Haşimoto jurnalistlərə deyib ki, Y.Suqa onun Tokio Olimpiadasının təşkilat komitəsinə sədrlik etmək niyyətini dəstəklədiyini bildirib.

Cəmiyyətin təşkilat komitəsinin sədri vəzifəsinə seçkilərin şəffaf keçirilməsi barədə çağırışlarını nəzərə alan “Canon Inc.” şirkətinin prezidenti Fuzio Mitarainin sədrlik etdiyi səkkiz nəfərdən ibarət komissiyanın fevralın 17-də keçirilən iclasında təşkilat komitəsinin yeni rəhbəri beş əsas göstərici üzrə müəyyənləşdirilib. Bu zaman namizədin Olimpiya və Paralimpiya Oyunlarını beynəlxalq səviyyədə bilməsi, həmçinin gender bərabərliyi kimi anlayışı dərindən başa düşməsi əsas götürülüb.

Xatırladaq ki, təşkilat komitəsinin sabiq sədri 83 yaşlı Yoşiro Mori qadınlar barədə səsləndirdiyi yersiz fikirlərə görə istefa verməli olub. O, həmçinin istefa verdikdən sonra təşkilat komitəsinin sədri vəzifəsinə bağlı qapılar arxasında Saburo Kavabuçini təyin etmək niyyətinə görə də kəskin tənqid olunub.

Bununla yanaşı, 1995-ci ildə siyasi karyerasına start verən S.Haşimotonun da Y.Mori ilə sıx əlaqələri ilə seçildiyi qeyd edilir. Onun hətta Y.Morini özünün siyasət aləmində irəliləməsində xüsusi rol oynamış “mənəvi atası” adlandırdığı da məlumdur.

Həmçinin bildirilir ki, S.Haşimoto 2019-cu ildə Tokio Olimpiadasının təşkili ilə bağlı vəzifələrin həyata keçirilməsi ilə yanaşı, həm də qadınların hüquq və imkanlarının artırılmasına cavabdeh olan gender bərabərliyi üzrə nazir səlahiyyətləri öz üzərinə götürmüşdü. Onun 1964-cü ildə Tokio Yay Olimpiya Oyunlarının açılışına düz beş gün qalmış dünyaya gəldiyi qeyd edilir. Seyko adının isə yapon dilində Olimpiya atəşi mənasını verən “seika” sözündən götürüldüyü bildirilir.

Hakim Liberal Demokratik Partiyadan olan deputat Tamayo Marukava S.Haşimotonu Olimpiya Oyunları üzrə nazir vəzifəsində əvəz edəcək.

S.Haşimoto Yaponiyanın siyasət aləmində əsasən kişilərin üstünlük təşkil etməsi fonunda xüsusi uğurlar qazanmış ilk qadınlardan biri hesab edilir. Onun 1984-cü ildən 1996-cı ilədək yeddi Olimpiya Oyunlarında iştirak etdiyi bildirilir. Dörd Qış və üç Yay Olimpiya Oyunlarına qatılan S.Haşimoto müvafiq olaraq sürətli konki sürmə və velosiped idmanı üzrə yarışlarda iştirak edib. 1992-ci ildə o, Fransanın Albervil şəhərində keçirilən Qış Olimpiya Oyunlarında qadınlar arasında 1500 metr məsafəyə qaçışda üçüncü yeri tutub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.