REGİONLAR
Torpaqlardan səmərəli istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti gücləndirilir
Naxçıvan, 18 sentyabr, AZƏRTAC
Muxtar respublikada torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, mülkiyyət hüquqlarının qeydiyyatı zamanı operativliyin təmin edilməsi Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən daim diqqətdə saxlanılır.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, torpaqların elektron kadastr uçotunun aparılması üçün Şahbuz rayonunun 5 bələdiyyəsi üzrə reyestr məlumatları yeni xəritələrin üzərinə köçürülüb, torpaq reyestrində saxlanılan məlumatlarla uyğunluğu yoxlanılıb. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur və Kəngərli rayonlarında monitorinqlərə başlanılıb, ay ərzində Şərur rayonunun Oğuzkənd, Dərəkənd, Aşağı Daşarx və Yuxarı Daşarx, Kəngərli rayonunun Böyükdüz kəndlərində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində iş aparılıb.
Torpaqların şorlaşma, şorakətləşmə, müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, bu cür ərazilərin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədilə müvafiq qurumlarla razılaşdırılmaqla komissiya yaradılıb, torpaqların monitorinqinə başlanılıb. Avqust ayı ərzində Ordubad, Culfa və Babək rayonları üzrə aparılan monitorinqlər başa çatdırılıb.
“İlandağ” geoparkının yaradılması ilə əlaqədar olaraq müxtəlif məzmunlu xəritə və planlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Ötən ay ərzində 616 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 481 texniki sənəd hazırlanıb, yeni yaranmış 38 daşınmaz əmlak obyektinə ünvan verilib, 108 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarına daxil edilib. 16 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.