“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turu ilə əlaqədar bağlanacaq yolların siyahısı açıqlanıb
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped yürüşü ilə əlaqədar respublika ərazisində bağlanacaq yolların siyahısı məlum olub.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçəcək beşmərhələli beynəlxalq velosiped turunun birinci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da bir sıra küçə və yollarda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakıda saat 10:00-dan 10:40-dək Bayraq Meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə), saat 10:30-dan 11:10-dək Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində), saat 11:00-dan 12:00-dək Sahil-Z.Tağıyev yolu (hər iki istiqamətdə), saat 11:50-dən 12:15-dək Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində), saat 12:10-dan 12:25-dək Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində), saat 12:15-dən 12:30-dək Masazır-Novxanı yolu (hər iki istiqamətdə), saat 12:20-dən 12:45-dək Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə) yollarda hərəkətə məhdudiyyət qoyulacaq.
Sumqayıt şəhərində isə Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh prospektlərində, habelə Üzeyir Hacıbəyli küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazidə saat 12:30-dan 14:30-dək hərəkət məhdudlaşdırılacaq.