Energetika Nazirliyi: “Baku Energy Week” iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir
Bakı, 25 may, AZƏRTAC
Bu il Bakı Enerji Həftəsi çərçivəsində sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr və rəqəmsal idarəetmə şöbəsinin müdiri Amil Həsənov Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” - 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir.
“Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər”, - deyə o qeyd edib.