Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bakı, 25 may, AZƏRTAC
Kembric Universitetinin Azərbaycan Tələbə Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə universitetin qədim kolleclərindən biri olan Darvin Kollecində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Görüş Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Tələbə Cəmiyyətinin İdarə Heyətinin üzvü Samin Hüseynov iştirakçıları salamlayıb və 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxışında xaricdə yaşayan azərbaycanlı gənclərin milli dəyərlərimizin, tariximizin və dövlətçilik ənənələrimizin təbliğində mühüm rol oynadıqlarını qeyd edib.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında film nümayiş etdirilib.
Böyük Britaniyanın Svansi Universitetində tarix ixtisası üzrə doktorantura təhsili alan soydaşımız Nərgiz Nəhmətova “Müstəqillik bəxş edilmir: Ziyalılar və ilk Azərbaycan Respublikası” mövzusunda təqdimatla çıxış edib.
Tədbir şəbəkələşmə sessiyası ilə davam edib.