Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb
Ankara, 25 may, AZƏRTAC
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal urbanizasiya öhdəliklərini şəhərsalma strategiyalarına çevirməyə yönəlmiş geniş beynəlxalq gündəmi müəyyən edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “Mimdap.org” memarlıq nəşrinin saytında dərc olunmuş və Azərbaycanda keçirilən forumun yekunlarına həsr edilmiş məqalədə məlumat verilib.
“Altıgünlük müzakirələr əlverişli mənzil maliyyələşdirməsindən və iqlim dəyişikliyinə uyğunlaşmadan tutmuş ictimai məkanlara, şəhər yenilənməsinə və iştirakçı planlaşdırmaya qədər geniş mövzuları əhatə edib. Forum, həmçinin sübut olunmuş şəhərsalma həllərini nümayiş etdirməyə həsr olunmuş Təcrübə Mərkəzi, habelə universitetlər və tərəfdaş qurumlarla təlim sessiyaları təşkil edən WUF Akademiyası kimi yeni təşəbbüsləri irəli sürüb”, - deyə məqalədə diqqətə çatdırılır.
Məqalənin müəllifi Reyhan Doğan qeyd edib ki, təkcə sessiyaları deyil, həm də sərgiləri və mükafatlandırma mərasimlərini əhatə edən WUF13 proqramı dünya şəhərlərinin görünüşünü formalaşdıran bir-biri ilə əlaqəli problemlərin həllində memarlığın, planlaşdırmanın və dövlət siyasətinin rolunu vurğulayıb.
Materialda Bakıdakı diskussiyaların şəhərlərin gələcəyi və onların dayanıqlılığı ilə bağlı müzakirələri davam etdirmək üçün nəzərdə tutulmuş yeni mühüm tədbirlərin təməlini qoyduğu vurğulanır. “Bu il Ümumdünya Memarlar Konqresi Barselonada (28 iyun - 2 iyul) keçiriləcək və ilk Pan-Afrika Memarlıq Biennalesinin 7-11 sentyabr tarixlərində Nayrobidə açılması planlaşdırılır”, -deyə R. Doğan qeyd edib.