İsveçdə uşaq zorakılığı ilə bağlı onlarla şübhəli müəyyən edilib
Stokholm, 24 may, AZƏRTAC
İsveç polisi uşaqlarla bağlı cinsi zorakılıq materiallarının internetdə yayılmasına qarşı genişmiqyaslı əməliyyat həyata keçirir. Son həftələr ərzində ölkə üzrə 30-dan çox axtarış və həbs həyata keçirilib. Hüquq-mühafizə orqanları istintaqın davam etdiyini bildirirlər.
AZƏRTAC xəbər verir ki, əməliyyat çərçivəsində polis fayl paylaşma platformalarında qanunsuz materialları aşkar etmək üçün süni intellekt əsaslı alətlərdən istifadə edir. Daha sonra müstəntiqlər foto və videoları yayan şəxslərin kimliyini müəyyənləşdirirlər.
Milli Polis Əməliyyat Bölməsinin məlumatına görə, hazırda ölkənin müxtəlif bölgələrini və sosial qruplarını təmsil edən 33 nəfər şübhəli qismində araşdırılır.
Polis bildirir ki, şübhəlilər arasında fərqli yaş və peşə sahibləri var. Onlardan bəziləri günahını etiraf etsə də, digərləri qadağan olunmuş materialların cihazlarına gizli şəkildə yerləşdirildiyini iddia edir.
Hüquq-mühafizə orqanları narahatedici bir tendensiyaya da diqqət çəkirlər: azyaşlı uşaqların bu cür cinayətlərin qurbanına çevrilməsi halları artır, yayılan materiallarda isə zorakılıq elementləri daha çox müşahidə olunur.
Polis vurğulayır ki, bu əməliyyatların məqsədi yalnız cinayətkarların saxlanılması deyil, həm də belə materialların yayılmasının qarşısını almaqdır. “Bu cür görüntülərin paylaşılması, cinayətin törədilməsindən illər sonra belə, zərərçəkmiş uşaqlara qarşı zorakılığın davam etməsi deməkdir”, - deyə açıqlamada bildirilir.
Nərgiz Cəfərli