Bu gün Ümumdünya Avtomobilsiz Günüdür
Bakı, 22 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 22-də bir çox ölkələrdə Ümumdünya Avtomobilsiz Günü qeyd olunur. Bu ekoloji gün gəzinti, velosiped sürmək və ictimai nəqliyyatdan istifadə ideyasını təbliğ etmək məqsədilə keçirilir.
AZƏRTAC xəbər verir ki, ilk Ümumdünya Avtomobilsiz Günü 1973-cü ildə İsveçrədə təşkil edilib. O zaman ölkə hakimiyyəti yanacaq böhranı ilə əlaqədar vətəndaşları 4 gün ərzində avtomobillərdən imtina etməyə çağırıb. Avtomobildən istifadənin imtina edilməsi ilə əlaqədar ilk ümummilli kampaniya isə Böyük Britaniyada keçirilib. Bir il sonra isə Fransada təşkil olunub. Avropanın müxtəlif ölkələrində avtomobillərdən imtinaya dair ayrıca kampaniyalar 1997-ci ilə qədər davam edib. O vaxtlar cəmi iki şəhər bu günü qeyd edirdisə, hazırda təqribi hesablamalara görə, hər il dünyanın 1500 şəhərində 100 milyondan çox insan həmin ekoloji aksiyada iştirak edir.
Müasir şəraitdə avtomobillərdən tamamilə imtina etməyin sadəcə mümkün olmadığını başa düşən şəhərlərin, o cümlədən müxtəlif təşkilatların rəhbərləri ən azı ildə bir dəfə ictimaiyyətə avtomobil nəqliyyatının özü ilə gətirdiyi problemləri xatırlatmaq istəyirlər.
Avtomobillərin çox olması təkcə böyük şəhərlərin problemi deyil, bu, uzun müddətdir ki, qlobal xarakter daşıyır. Avtomobil nəqliyyatı həm planetin biosferinə mənfi təsir edir, həm də insanların ölümünə səbəb olur. Hesablamalara görə, avtomobillər hər gün 3 mindən çox insanın ölümünə səbəb olur. Hər dəqiqə konveyerdən yeni bir “qatil avtomobil” çıxır. Bütün bunlarla birlikdə istehsalın tempi artmaqda davam edir, avtomobil ən çox reklam edilən mallar arasında ilk yerlərdədir.
Bu gün bir çox ölkələrin böyük şəhərlərində avtomobillərdən istifadə azaldılır. Bəzi şəhərlərdə bu gün xüsusi təşkil olunmuş tədbirlər də keçirilir.
Son məlumatlara görə, Azərbaycanda 1 milyon 950 min avtomobil qeydə alınıb. Həmin nəqliyyat vasitələrinin 45,5 faizi, yəni 885 min 683-ü 20 ildən artıqdır ki, istehsal edilib. Bu isə ətraf mühitə, xüsusilə iri şəhərlərdə, hərəkətin intensiv olduğu yaşayış məntəqələrində atmosfer havasının keyfiyyətinə mənfi təsir göstərir. Nəqliyyatın atmosferə vurduğu ziyanın qarşısının alınmasında ən effektiv mübarizə üsullarından biri hibrid və elektriklə işləyən avtomobillərin sayının artırılmasıdır. Ötən il Azərbaycana 500-dən çox elektromobil idxal olunub. Bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadəni artıracağına ümidləri artırır.