Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir
Bakı, 22 sentyabr, AZƏRTAC
Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir.
AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən müşavirədə bildirilib.
Müşavirədə dövlət başçısına Özbəkistanın iştirakı ilə Xəzər dənizindəki Aktau, Türkmənbaşı və Bakı limanlarında, həmçinin Qara dənizdəki Poti və Anakliya limanlarında logistika infrastrukturunun yaradılması üzrə davam edən işlər barədə məlumat təqdim edilib. Xüsusilə, Poti limanında logistika mərkəzinin yaradılması barədə müqavilə imzalandığı qeyd olunub və bildirilib ki, layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanır. Anakliya limanının inkişafında, eləcə də Türkiyənin Samsun və İstanbul limanlarına çıxışı təmin edəcək Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanları araşdırılır.
Bildirilib ki, bu layihələr tekstil, kimya, kənd təsərrüfatı, mədən və metallurgiya məhsulları üçün xarici bazarlara təchizat marşrutlarını şaxələndirəcək. Beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə etmək üçün ölkə daxilində logistika mərkəzləri şəbəkəsinin genişləndirilməsinin zəruriliyi də vurğulanıb.
Şavkat Mirziyoyev təqdim olunmuş layihələrin icrası üçün müddətlərin, onların maliyyələşdirmə mənbələrinin və gözlənilən nəticələrin dəqiq müəyyən edilməsinin vacibliyini vurğulayıb.