Məktəblərdə vahid geyim tələbinin müəyyənləşdirilməsi fərqli yanaşmaların qarşısını alacaq – ekspert
Bakı, 22 sentyabr, AZƏRTAC
Məktəblərdə şagirdlərin geyim forması ilə bağlı vahid tələblərin müəyyənləşdirilməsi ümumi təhsil müəssisələrində fərqli yanaşmalardan irəli gələn narazılıqların qarşısının alınmasına imkan verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib. O bildirib ki, uzun müddətdir məktəblərdə şagirdlərin geyimi ilə bağlı müxtəlif müzakirələr aparılır, bu məsələ həm ictimaiyyətdə, həm də sosial mediada geniş müzakirə olunur.
Ekspert qeyd edib ki, bəzi hallarda şagirdlərin geyimində ümumi təhsil müəssisəsinin tələblərinə uyğun olmayan elementlərdən istifadə edilməsi valideynlər arasında narazılığa səbəb olurdu. Yeni dəyişikliklə ümumi təhsil müəssisələrində geyim formasının vahidliyinin qorunması və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi ilə bağlı konkret tələb müəyyənləşdirilib.
“Bu qərarın əsas məqamlarından biri məktəblərdə vahid yanaşmanın formalaşdırılmasıdır. Çünki əvvəlki dövrdə şagirdlərin geyimi ilə bağlı müxtəlif fikirlər səslənirdi. Bir tərəfdən müəyyən geyim elementlərindən istifadə narazılıq yaradırdısa, digər tərəfdən qısa ətək, boyalı dırnaq və müxtəlif aksesuarlardan istifadə kimi məsələlər də valideynlər tərəfindən müzakirə olunurdu. Yeni tələblərin müəyyənləşdirilməsi bu məsələlərə daha aydın yanaşmanın formalaşmasına şərait yaradacaq.
Qərarda təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadəyə yol verilməməsi konkret şəkildə göstərilir. Eyni zamanda, valideyn və ya digər qanuni nümayəndələrin övladlarının geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə riayət etməsini təmin etməli olduqları qeyd edilir. Bu müddəa məktəblə yanaşı, valideynlərin də prosesdə məsuliyyət daşıdığını göstərir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadəyə icazə verilməsi də qərarda nəzərdə tutulub. Sənəddə, həmçinin geyim forması ilə bağlı tələblərə təhsilalanlar tərəfindən riayət olunması məsələlərinin məktəbin Pedaqoji Şurası tərəfindən həll ediləcəyi müəyyənləşdirilib.
Qərarla “Təhsilalanların geyim formalarının Nümunələri”nə də dəyişiklik edilib. Belə ki, oğlanlar üçün yay və qış geyim forması dəstinin təsvirində yer alan “üçdüyməli qısaqol köynək və şalvardan” sözləri çıxarılıb.
Hesab edirəm ki, geyim forması ilə bağlı tələblərin konkretləşdirilməsi məktəblərdə vahid yanaşmanın formalaşmasına və bu məsələ ətrafında yaranan fərqli fikirlərin qarşısının alınmasına şərait yaradacaq”, - deyə Məzahir Məmmədli fikrini yekunlaşdırıb.