Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır
Bakı, 22 sentyabr, AZƏRTAC
Region Liqasında yeniliklərin tətbiqi ilə əlaqədar bölgə komandaları ilə daha sıx əməkdaşlıq qurulacaq. Yeni struktur çərçivəsində regional futbol federasiyalarının səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
Bunu AZƏRTAC-a açıqlamasında Qərb Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti Nadir Nəbiyev deyib.
O bildirib ki, regional futbol federasiyaları bölgə komandalarının qarşılaşdığı problemlərin həlli ilə bağlı müəyyən işlər görməyə çalışsa da, əvvəllər bunun üçün səlahiyyətləri məhdud idi: “İndi isə regional federasiyaların bu prosesdə daha fəal iştirakı təmin olunacaq. Komandaların formalaşması, onların qarşılaşdıqları problemlərin həlli və müxtəlif müraciətlərin aidiyyəti qurumlara çatdırılması regional federasiyaların nəzarətində olacaq.
Veteran futbolçu qeyd edib ki, yeni mövsümdə Region Liqasına qatılacaq komandaların sayı hələ dəqiq müəyyənləşməyib. Onun sözlərinə görə, müraciətlərin davam etməsi və bəzi komandaların infrastrukturla bağlı məsələlərinin dəqiqləşdirilməsi səbəbindən yarışın start tarixi də hələ müəyyən edilməyib: “Bununla belə, hazırlıq işləri davam edir. Hazırda regionlar üzrə bu məsələlərlə bağlı işçi qruplarında müzakirələr aparılır”.
Regional futbol yarışlarının keçirilməsi üçün infrastruktur məsələsinin əsas prioritetlərdən biri olduğunu bildirən Nəbiyev stadionların və məşq imkanlarının olmasının vacibliyini diqqətə çatdırıb: “Region yarışlarının keçirilməsi üçün müəyyən infrastruktur tələb olunur. I və ya II liqa səviyyəsində olmasa da, ən azı stadionlar və məşq üçün müvafiq şərait olmalıdır. Bu məsələlərə xüsusi diqqət yetiriləcək”.
Mütəxəssis yeni mövsümdə komandaların coğrafi bölgüsünün də aparılacağını bildirib. Onun sözlərinə görə, Bakı komandaları ayrıca, regionlardan olan kollektivlər isə müvafiq zonalar üzrə qruplaşdırılacaq.
Müxbir – Cavid Əliyev