Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
Tbilisi, 22 sentyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
AZƏRTAC Gürcüstan hökumətinə istinadla xəbər verir ki, görüşdə Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi və müxtəlif sahələrdə uğurlu əməkdaşlıq vurğulanıb.
Siyasi və iqtisadi münasibətlərin inkişafının müsbət dinamikasına xüsusi diqqət yetirilib. Qeyd edilib ki, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Söhbət zamanı tərəflər regionda əlaqələrin inkişafına və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verən regional əhəmiyyətli birgə strateji layihələri müzakirə ediblər. Bu kontekstdə tam istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Regionun davamlı və sabit inkişafı üçün sülhün xüsusi əhəmiyyəti vurğulanıb.