Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir
Bakı, 22 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) artıq yalnız mədəni və siyasi əməkdaşlıq platforması deyil, eyni zamanda, Avrasiyanın mühüm iqtisadi inteqrasiya mərkəzlərindən birinə çevrilir. Təşkilata üzv ölkələr Avropa ilə Mərkəzi Asiyanı, Xəzər hövzəsi ilə Aralıq dənizini birləşdirən mühüm enerji və logistika marşrutlarının kəsişməsində yerləşir.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov deyib.
Ekspertin sözlərinə görə, 2025-ci ilin göstəricilərinə əsasən, TDT ölkələrinin ümumi əhalisi 178,8 milyon nəfər, ümumi daxili məhsulu 2,11 trilyon dolları, xarici ticarət dövriyyəsi isə 1,12 trilyon dollar təşkil edib. TDT ölkələrinin dünya iqtisadiyyatındakı payı təxminən 2 faizdir.
“Bu göstəricilər onu göstərir ki, dünya əhalisinin təxminən 2,8 faizini təşkil edən TDT ölkələri qlobal ticarətin 3,6 faizini formalaşdırır. Bu isə regionun yüksək tranzit və ixrac potensialının göstəricisidir. TDT məkanı dünyanın mühüm enerji resurslarına malik regionlarını əhatə edir. Azərbaycanın və Qazaxıstanın iri neft istehsalçıları, Türkmənistanın isə böyük təbii qaz ehtiyatlarına malik ölkələr sırasında olması təşkilat daxilində enerji əməkdaşlığı üçün geniş imkanlar yaradır. Türkiyə isə bu resursların Avropa bazarlarına çıxarılmasında mühüm enerji qovşağı rolunu oynayır”, - deyə S.Heydərov bildirib.
Ekspertin fikrincə, Azərbaycan vasitəsilə fəaliyyət göstərən Cənub Qaz Dəhlizi Avropanın enerji təchizatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Xəzər dənizində külək enerjisi və yaşıl elektrik layihələrinin inkişafı qarşıdakı illərdə TDT çərçivəsində enerji əməkdaşlığının yeni istiqamətlərini formalaşdıra bilər: “Orta Dəhliz TDT məkanının geoiqtisadi əhəmiyyətini artıran əsas amillərdən biridir. Çin-Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə Avropaya uzanan bu multimodal dəhliz dəmir yolu, dəniz və avtomobil daşımalarını vahid logistika zəncirində birləşdirir. Azərbaycanın TDT məkanında Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat qovşaqlarından biridir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və inkişaf edən avtomobil nəqliyyatı infrastrukturu Azərbaycanın regional logistika mərkəzi kimi rolunu gücləndirir. Azərbaycanın üstünlüyü yalnız əlverişli coğrafi mövqeyi ilə məhdudlaşmır. Ölkəmizdə enerji və nəqliyyat infrastrukturlarının eyni coğrafi məkanda kəsişməsi Azərbaycanın regional və beynəlxalq tranzit sistemində rolunu daha da artırır”.
O bildirib ki, tranzit daşımalarının artması Azərbaycanda tranzit gəlirlərinin yüksəlməsinə, qeyri-neft xidmətləri ixracının genişlənməsinə, logistika və anbar infrastrukturlarına investisiyaların artmasına şərait yaradır.
S.Heydərov TDT-nin gələcək iqtisadi prioritetləri sırasında rəqəmsal gömrük sistemlərinin inkişafını, logistika infrastrukturunun inteqrasiyasını, yaşıl enerji layihələrinin genişləndirilməsini və investisiya əməkdaşlığının gücləndirilməsini xüsusi qeyd edib.