“Oxfam” Fransada zəngin varislərin vergiyə cəlb olunmasını təklif edir
Paris, 22 sentyabr, AZƏRTAC
Fransada 2027-ci il dövlət büdcəsinin hazırlanması ərəfəsində vergitutma məsələsi yenidən gündəmə gəlib.
AZƏRTAC xəbər verir ki, bərabərsizliklərlə mübarizə aparan “Oxfam France” qeyri-hökumət təşkilatı böyük sərvətlərin vərəsəlik yolu ilə ötürülməsinə tətbiq olunan vergi güzəştlərinin, xüsusilə “Pacte Dutreil” mexanizminin yenidən nəzərdən keçirilməsini təklif edir.
“Oxfam”ın açıqladığı yeni hesabatda bildirilir ki, “Pacte Dutreil” çərçivəsində milyarderlərin sərvətinin gələcək nəsillərə ötürülməsi dəyişiklik edilmədən davam edərsə, qarşıdakı 30 il ərzində dövlət büdcəsi üçün itkilər 111 milyard avronu keçə bilər. Təşkilat bu mexanizmin son dörd ildə dövlətə orta hesabla ildə təxminən 3 milyard avroya başa gəldiyini, 2024-cü ildə isə bu rəqəmin 5,5 milyard avroya çatdığını qeyd edir.
2003-cü ildə tətbiq edilən “Pacte Dutreil” ailə bizneslərinin nəsildən-nəslə ötürülməsi zamanı vərəsəlik və ya bağışlama vergisinin 75 faizinin güzəşt edilməsinə imkan verir. Mexanizmin əsas məqsədi şirkətlərin fəaliyyətini və məşğulluğu qorumaq olsa da, “Oxfam” onun böyük sərvət sahibləri üçün əhəmiyyətli vergi üstünlükləri yaratdığını bildirir.
Təşkilatın hesablamasına görə, 2023-2024-cü illərdə bu mexanizmdən ən çox faydalanan 1 faiz - cəmi 110 nəfər - orta hesabla 30 milyon avro vergi güzəşti əldə edib. “Oxfam” hesab edir ki, “Pacte Dutreil” üzrə güzəştlərin hər bir benefisiar üçün 1 milyon avro ilə məhdudlaşdırılması dövlətə ildə 3 milyard avrodan çox əlavə vəsait gətirə bilər.
Təşkilat həmçinin vergi güzəştinin tətbiqi üçün şirkətlərdə məşğulluğun qorunması ilə bağlı şərtin müəyyənləşdirilməsini təklif edir. Təşkilata görə, belə bir yanaşma mexanizmin ilkin məqsədi olan müəssisələrin və iş yerlərinin qorunması ilə daha sıx əlaqələndirilə bilər.
“Oxfam”ın təklifləri Fransada 2027-ci il büdcəsi ilə bağlı vergi müzakirələrinin fonunda səslənir. Təşkilat eyni zamanda “super vərəsəliklər”in daha geniş şəkildə vergiyə cəlb olunmasını müdafiə edir. Onun 2025-ci il araşdırmasına görə, Fransada ən varlı 0,1 faiz vərəsə orta hesabla təxminən 13 milyon avro miras alır və müxtəlif güzəştlər nəticəsində faktiki vərəsəlik vergisi orta hesabla təxminən 10 faiz təşkil edir.
Bununla yanaşı, “Pacte Dutreil”in gələcəyi ilə bağlı hökumətin mövqeyi “Oxfam”ın təkliflərindən fərqlənir. Beləliklə, super sərvətlərin vergiyə cəlb olunması və vergi güzəştlərinin yenidən nəzərdən keçirilməsi Fransada 2027-ci il büdcəsi üzrə müzakirələrin əsas mövzularından biri olaraq qalır.