GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb
Gəncə, 22 sentyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetinin (GDU) Riyaziyyat və informatika fakültəsində müasir kompüter avadanlıqları ilə təchiz olunmuş iki yeni laboratoriya istifadəyə verilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, laboratoriyaların qurulmasında məqsəd tələbələrin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, müasir texnologiyalarla işləmək sahəsində praktiki təcrübə qazanmaları və əmək bazarının tələblərinə cavab verən peşəkar mütəxəssislər kimi formalaşmaları üçün müasir tədris mühiti yaratmaqdır.
Açılış mərasimində Riyaziyyat və informatika fakültəsinin dekanı Oruc Hüseynov bildirib ki, yüksək parametrli kompüterlərlə təchiz olunan laboratoriyalar tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsinə və müasir informasiya texnologiyalarından səmərəli istifadəsinə imkan verəcək.
Fakültənin professoru, informatikanın tədrisi metodikası ixtisası üzrə pedaqogika elmləri doktoru Mehriban Həsənova çıxışında yeni laboratoriyaların informasiya texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, eləcə də tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Sonra GDU-nun Riyaziyyat və informatika fakültəsinin nəzdində İnformatika və cəbr kafedrasının professoru Mehriban Həsənovanın rəhbərliyi ilə yaradılan “ZeroDay İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik” klubunun fəaliyyəti təqdim olunub. Məlumat verilib ki, klubun əsas fəaliyyət istiqamətlərini informasiya texnologiyaları, proqramlaşdırma, kompüter sistemləri, şəbəkə texnologiyaları və kibertəhlükəsizlik təşkil edir. Klub çərçivəsində tələbələrin proqramlaşdırma bacarıqlarının və alqoritmik düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsi, layihə əsaslı proqram təminatı hazırlamaq vərdişlərinin formalaşdırılması, süni intellekt və maşın öyrənməsi üzrə ilkin və ortasəviyyəli təlimlərin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, tələbələrin respublika və beynəlxalq səviyyəli texnoloji yarışlara, olimpiadalara, hakatonlara və elmi-praktik tədbirlərə hazırlanması, onlar arasında bilik mübadiləsinin təşviqi, istedadlı tələbələrin müəyyənləşdirilməsi və elmi-praktik fəaliyyətə cəlb olunması da klubun əsas fəaliyyət istiqamətləri sırasındadır.
Tədbir çərçivəsində klubun sədri və üzvləri tərəfindən startap layihələri təqdim olunub. Universitetin elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova və professor-müəllim heyətinin üzvləri tələbələrin startap layihələri ilə tanış olublar.
Bildirilib ki, bu cür təşəbbüslər tələbələrin potensialının üzə çıxarılmasına, istedadlı və perspektivli gənclərin müəyyənləşdirilməsinə, eləcə də onların müasir dövrün tələblərinə uyğun mütəxəssislər kimi yetişdirilməsinə əhəmiyyətli töhfə verir.
Müxbir - Elcan Məmmədov