Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan xalqının etnogenezində və mənəvi tarixində mühüm yer tutan Qafqaz Albaniyası əhalisi əsrlər boyu xristian dininə etiqad edərək zəngin sivilizasiya yaradıb. Qafqazda, xüsusilə Şimali Azərbaycanda xristianlıq təlimi hələ eramızın I əsrindən — həvarilər dövründən etibarən yayılmağa başlayıb. Şəkinin Kiş kəndində ucaldılmış məbəd bölgədə ilk xristian ocaqlarından biri kimi bu qədim tarixin ən tutarlı maddi sübutudur. IV əsrdə xristianlığın dövlət dini səviyyəsinə yüksəldilməsi ölkə hüdudlarında monumental kilsə memarlığı, daş kitabələr və dini ədəbiyyat formalaşıb, xalqımızın dünyagörüşündə mühüm mərhələ təşkil edən möhtəşəm mədəniyyət yaranıb.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mübariz Ağalarlının AZƏRTAC-a təqdim etdiyi “Azərbaycanın Alban-xristian irsi: Tarixi varislik və elmi-mədəni reallıq” sərlövhəli yazısında yer alıb. Məqalədə qeyd edilib ki, VII əsrdə regiona İslam dininin daxil olmasından sonra da xristianlıq öz varlığını dərhal itirməmişdir. Gədəbəy, Daşkəsən, Tovuz və Qazax kimi bölgələrdə xristian icmaları uzun müddət öz ənənələrini qoruyub saxlamış, sonrakı əsrlərdə, o cümlədən Səfəvilər dövründə mərhələli şəkildə İslam dinini qəbul etmişlər. Xüsusilə Qarabağ bölgəsində avtokefal Alban Kilsəsi və yerli xristian əhali öz dini fəaliyyətini XIX əsrədək davam etdirə bilmişdir. Lakin 1836-cı ildə çar Rusiyasının fərmanı ilə Alban Kilsəsinin müstəqilliyi ləğv edilib, onun bütün mülkiyyəti və idarəçiliyi Erməni-Qriqorian Kilsəsinə verilib. Bu inzibati akt nəticəsində əsrlər boyu formalaşan maddi-mənəvi irsimiz qriqorianlaşdırılma təzyiqinə məruz qalıb, tarixi əlyazmalar və arxiv sənədləri mənimsənilərək qədim qrabar dilinə çevrilib.
Tarixi və arxeoloji faktlar alban xristian mədəniyyətinin tamamilə yerli təfəkkürə və milli dünyagörüşünə söykəndiyini təsdiqləyir. Alban məbədlərinin konstruktiv xüsusiyyətləri, kilsələrdə geniş tətbiq olunan səkkizguşəli memarlıq elementləri, habelə təbiət motivləri ilə zəngin olan alban xaç daşları erməni və digər qonşu xalqların simvollarından aydın şəkildə fərqlənir. Bu abidələr və kitabələr məhz bu torpaqlarda yaşamış yerli alban əhalisinin dəst-xətini əks etdirir. Qədim alban tayfaları tədricən Azərbaycan xalqının etnogenezinə daxil olaraq bu torpağın ayrılmaz hissəsinə çevrilib, yaratdıqları maddi və mənəvi sərvətləri də xalqımızın ortaq mədəni xəzinəsinə əmanət ediblər. Hər bir xalqın yaratdığı dəyər ilk növbədə onun özünə məxsusdur və buna görə də alban xristian irsi Azərbaycan xalqının tarixi haqqı və mənəvi sərvətidir.
Diplomatik korpusun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura növbəti səfərləri zamanı Gəncəsər monastırında söylənilən fikirlər Qarabağın əsl tarixi-mədəni simasını dünyaya tanıtmaq baxımından strateji əhəmiyyət daşıyır. Bu tarixi abidələrin əsl sahibinin məhz Azərbaycan xalqı, onun qədim əcdadları olan albanlar olduğunu vurğulamaq təkcə bölgəyə deyil, bütövlükdə beynəlxalq xristian ictimaiyyətinə ünvanlanmış qətiyyətli elmi-siyasi mesajdır.
Məbəddə nümayiş etdirilən, xarici görünüşcə qədim dini əlyazma təsiri bağışlayan, lakin daxili tamamilə boş vərəqlərdən ibarət “kitablar” ermənilərin həyata keçirdiyi saxtakarlıq siyasətinin ən rüsvayçı və inkaredilməz sübutudur. Bu cür primitiv saxtalaşdırmalar göstərir ki, tarixi zəmini və mənəvi kökü olmayan mədəniyyəti imitasiya yolu ilə yaratmaq mümkün deyildir. Əsrlər boyu Qafqaz Albaniyasının ayrılmaz dini-inzibati mərkəzlərindən biri olmuş Qarabağ alban mədəniyyəti zəngin kilsə memarlığı, özünəməxsus xaç daşları və unikal epiqrafik abidələri ilə qonşu xalqların irsindən köklü şəkildə seçilir. Alban patriarxlarının taxt-tacı sayılan Gəncəsər monastırını və bütövlükdə Qarabağdakı qədim xristian irsini mənimsəmək cəhdləri, kitabələrin süni şəkildə dəyişdirilməsi və içi boş saxta əlyazmaların təqdimatı məhz bu acizliyin təzahürüdür. Təbii ki, bu ifşaedici həqiqətlərin yerindəcə beynəlxalq diplomatiya nümayəndələrinə göstərilməsi uzun illər saxta narrativlərlə dünyanı aldadan dairələrdə və Ermənistan mediasında dərin təşviş yaradıb.