REGİONLAR
Tovuzda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Tovuz, 4 noyabr, Famil Quliyev, AZƏRTAC
Noyabrın 4-də Tovuz Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət bayrağının hər bir dövlətin suverenliyinin rəmzi olduğunu bildirib. Qeyd edib ki, dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub.
Diqqətə çatdırılıb ki, üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.
Məlumat verilib ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacağına əminliklərini bildiriblər.