REGİONLAR
Tovuzda qadınların sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə layihə həyata keçirilir
Tovuz, 21 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Sağlam Həyat Naminə” İctimai Birliyinin birgə əməkdaşlığı, BP şirkətinin maliyyə dəstəyi ilə 2020-ci ildə Tovuz rayonunda “Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək məqsədi ilə İcmada Ailəyə Dəstək Klubunun yaradılması” adlı layihə həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi kənd qadınları arasında mikro sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində bilik və bacarıqların gücləndirilməsi, məşğulluq imkanlarının artırılması və İcmada Ailəyə Dəstək Klubunun yaradılmasıdır.
Layihə çərçivəsində 2020-ci ilin mart ayında öz biznesinə başlamaq istəyən qadınlara maliyyə savadlılığı, biznes bacarıqları ilə bağlı təlimlər keçirilib.
Həmin layihənin icrası çərçivəsində Tovuz rayonunda 22 qadın biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunub.
Əvəzsiz olaraq dəstək görən və lazımi avadanlıqlar alaraq ailə biznesini quran qadınlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.