REGİONLAR
Tur-aksiyaya qoşulan məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb







Gəncə, 14 noyabr, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Sumqayıt, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olan iştirakçıları - IX-XI sinif şagirdləri, onları müşayiət edən qrup rəhbərləri və müəllimlər noyabrın 14-də Gəncə şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.
Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra hakimiyyəti başçısının müavini Elnur Rzayev və ictimaiyyət nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.
Tur-aksiya iştirakçılarını salamlayan Elnur Rzayev Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya çərçivəsində şagirdlər bir-birindən gözəl məkanlarda olacaq, ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında dolğun məlumatlar əldə edəcəklər. Həmçinin qədim Gəncənin son illərdə keçdiyi sürətli inkişaf yolu haqqında ətraflı məlumatlandırılacaqlar.
Sonra şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.
Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı noyabrın 15-də davam edəcək.