ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində əlavə təhsil almaq istəyənlərin seçimi başa çatıb
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) əlavə təhsil almaq istəyənlər üçün qəbul müsahibəsi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müsahibəyə qatılan 12 iddiaçıdan 11-i əsasən maliyyə, menecment və biznesin idarə edilməsi ixtisaslarını seçib.
ATMU-nun əlavə təhsil üzrə müsahibə komissiyasının sədri, rektor İlham Mədətov 2018/2019-cu tədris ilində rəhbərlik etdiyi ali təhsil ocağında ikinci ixtisas üzrə təhsil almaq istəyənlərin şəxsi işləri ilə yaxından tanış olduğunu deyib. O, ölkəmizin müxtəlif ali məktəblərini uğurla bitirən mütəxəssislərin əlavə bakalavr pilləsində təhsil almaq səbəbindən müsabiqədə iştiraklarını müsbət hal kimi dəyərləndirib.
Universitetin elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli diqqətə çatdırıb ki, 2018/2019-cu tədris ilində ATMU-da əlavə təhsil almaq istəyənlərin daha çox olmasına baxmayaraq, iddiaçıların sənədləri müvafiq qanunvericiliyin tələbləri əsasında qəbul edilib. Beləliklə, 12 namizəd müsahibədə iştirak hüququ qazanıb. Onlardan yalnız biri müsahibəyə gəlməyib.