İDMAN
Türkiyə Super Liqası: "Fənərbaxça" çempionatın liderinə qalib gələrək turnir cədvəlində üçüncü sıraya yüksəlib
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 11-də futbol üzrə Türkiyə Super Liqasının 21-ci turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən mərkəzi görüşündə çempionatda dördüncü sırada qərarlaşan "Fənərbaxça" komandası rəqib meydanında turnir cədvəlinin ilk sırasında yer alan "Başakşehir" klubu ilə üz-üzə gəlib.
Çempionluq uğrunda mübarizə aparan iki komandanın qarşılaşmasında "Fənərbaxça" 2:0 hesabı ilə qələbə qazanıb.
Gərgin idman mübarizəsi şəraitində keçən derbi oyununda hesabı "Fənərbaxça" futbolçuları açıblar. Görüşün 32-ci dəqiqəsində Culianodan ötürmə alan komandanın braziliyalı hücumçusu Jose Fernandao fərqlənib - 1:0. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissənin 56-cı dəqiqəsində Maurisio Islanın ötürməsindən sonra Fernandao özünün və komadasının ikinci topunu rəqibin qapısından keçirib - 2:0.
Oyunun sonlarında ev sahiblərinin cəhdlərinə baxmayaraq hesabı bərabərləşdirmək mümkün olmayıb.
Beləliklə "Fənərbaxça" çempionatın liderini məğlub edərək turnir cədvəlində üçüncü sıraya yüksəlib və "Başakşehir" ilə arasında olan xal fərqini azaldıb.
Qeyd edək ki, bu mövsüm çempionatda "Fənərbaxça"nın meydanında oynanılan matçda "Başakşehir" komandası 3:2 hesab ilə üstün olmuşdu.
Fevralın 12-də keçiriləcək turun son oyununda "Qalatasaray" komandası "Antalyaspor"u məğlub edəcəyi təqdirdə Türkiyə Super Liqasının yeni lideri olacaq.
Turun bu gün keçirilən digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Akhisarspor" – "Bursaspor" - 1:0,
"Kayserispor" – "Sivasspor" - 1:1,
"Alanyaspor" - "Konyaspor" - 1:2.
Qeyd edək ki, hazırda hesabında 43 xal olan "Başakşehir" turnir cədvəlinə başçılıq edir. "Qalatasaray" və "Fənərbaxça" 41 xalla ikinci-üçüncü yerləri bölüşürlər. "Beşiktaş" 40 xalla dördüncü, "Kayserispor" isə 35 xalla beşinci pillədə qərarlaşıb.