İDMAN
Türkiyə Superliqası: “Beşiktaş” “Göztəpə”ni minimal hesabla məğlub edib
Bakı, 17 mart, AZƏRTAC
Martın 16-da futbol üzrə Türkiyə Superliqasının XXVI turunun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Beşiktaş” öz meydanında “Göztəpə” ilə qarşılaşıb. Görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Matçın yeganə qoluna 46-cı dəqiqədə Burak Yılmaz imza atıb.
Bu qələbədən sonra “Beşiktaş” xallarının sayını 47-yə çatdırıb və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
Turun digər oyunlarında “Rizəspor” səfərdə “Konyaspor”un qapısından iki cavabsız top keçirib. “Akhisarspor”-“Kasımpaşa” qarşılaşmasında qonaqlar 3:2 hesablı qələbəyə seviniblər. “Trabzonspor” səfərdə autsayder “Ərzurumspor” üzərində 1:0 hesablı qələbə qazanıb, “Antalyaspor” isə öz meydanında “Alanyaspor”u 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.