DÜNYA
Türkiyə parlamentində Demokratiya və Milli Birlik Gününə həsr olunan panel keçirilib
Ankara, 15 iyul, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisində (TBMM) 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar “15 iyulun beş ili” mövzusunda panel keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Türkiyənin dövlət himni səsləndirilib.
Açılışda TBMM-nin sədri Mustafa Şentop və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri, Ankara Universitetinin rektoru Necdet Ünüvar beş il əvvəl Türkiyə dövlətinə və xalqına qarşı törədilən hərbi cinayət barədə fikir və mülahizələrini bölüşüblər. Vurğulanıb ki, törədilən hərbi çevriliş cəhdinin qarşısının alınması türk xalqının öz dövlətinə və vətəninə bağlılığın ən bariz nümunəsidir.
Rektor Necdet Ünüvarın sədrliyi ilə keçirilən paneldə Ankara Universitetinin hüquq fakültəsinin əməkdaşı Hasan İşgüzar, “24 TV” telekanalının parlament müxbiri Nagehan Akbulut Varol və “Hürriyet” qəzetinin parlament müxbiri Rıza Özəlin çıxışları dinlənilib.
Çıxışlarda şəhid və qazilərin qəhrəmanlığı ehtiramla xatırlanıb, ölkə rəhbərliyinin qətiyyəti, xalqların birliyi ehtiramla yad edilib və vurğulanıb ki, türk xalqı heç bir halda yad və düşmən ünsürlərin dövlətə qarşı çıxmasına imkan verməz.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara