DÜNYA
Türkiyə taxıl dəhlizinə dair sazişin uzadılmasına ümid bəsləyir
Bakı, 6 oktyabr, AZƏRTAC
Türkiyə hakimiyyəti iyulun 22-də İstanbulda imzalanmış və 120 gün üçün nəzərdə tutulmuş taxıl dəhlizi sazişinin uzadılmasına çox ümidlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi TRT telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, sazişin reallaşmağa başlamasından ötən müddətdə Ukrayna limanlarından 271 gəmi çıxıb, humanitar dəniz dəhlizi ilə 6,2 milyon ton kənd təsərrüfatı məhsulu daşınıb. Ukraynadan taxıl ixracına başlanması sayəsində buğda qiymətləri 25 faiz ucuzlaşıb. “Saziş psixoloji effekt doğurub”, - Vahit Kirişçi belə deyib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə ixracı probleminin həlli üçün sənədlər paketi imzalanıb. İmzalanan sənədlərdən biri Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından taxıl ixracının mexanizmini müəyyən edir. Türkiyə, Ukrayna, Rusiya və BMT tərəfindən yaradılmış dördtərəfli koordinasiya mərkəzi silah qaçaqmalçılığı və təxribatların qarşısını almaq üçün taxıl gəmilərinə baxış keçirirlər.