DÜNYA
Türkiyə və Gürcüstan sahil mühafizəsi sahəsində birgə əməkdaşlıq edəcəklər
Tbilisi, 5 dekabr, AZƏRTAC
Tbilisidə səfərdə olan Türkiyənin sahil mühafizə komandanı Əhməd Kendir Gürcüstanın daxili işlər naziri Qeorqi Qaxariya ilə görüşüb.
AZƏRTAC Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə hər iki ölkənin sahil mühafizə xidmətləri arasında uğurlu əməkdaşlığın perspektivləri əsas müzakirə mövzusu olub.
Qeorgi Qaxariya qonağı nazirliyin strukturlarında aparılan islahatlar, regional əməkdaşlıq və prioritetlərlə tanış edib. Gürcüstanın sahil mühafizə sisteminin möhkəmləndirilməsi və Qara dəniz hövzəsində təhlükəsizlik məsələləri barədə məlumat verib.
Görüşdə gələcək əməkdaşlığın daha da dərinləşməsi, regional təhlükəsizlik, sabitliyin təmin olunmasında region dövlətləri ilə münasibətlər və digər məsələlər diqqət mərkəzində olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi