DÜNYA
Türkiyədə meşə yanğınlarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Ankara, 30 iyul, AZƏRTAC
İyulun 28-dən başlayaraq Türkiyə ərazisində 53 nöqtədə meşə yanğını baş verib. Onların 36-sı nəzarətə götürülüb. Dövlət və əhali “Yaşıl vətən alovlar içində!” çağırışı ilə fəlakətə qarşı səfərbər olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fəlakət bölgəsində olan xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli və ətraf mühit və şəhərsalma naziri Murat Kurumdan yanğın böhranı ilə bağlı məlumat alıb.
Fəlakətin qarşısını almaq və operativ tədbirlər görmək məqsədilə yaradılan Böhran Mərkəzi ictimaiyyətə intensiv məlumat verir. Yanğınların söndürülməsində 3 təyyarə, 38 helikopter, 472 maşın və 4 mindən çox canlı qüvvə iştirak edir.
İyulun 29-da Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətindən briqadalar yanğınla mübarizəyə cəlb olunub.
Hüquq-mühafizə orqanları yanğınların başvermə səbəbi ilə bağlı çoxistiqamətli araşdırmaya başlayıb. Meşələrdə ocaq və manqal qalamaq müvəqqəti olaraq qadağan edilib. Yanğın bölgələrində ən azı 300 mənzil boşaldılıb.
İndiyədək yüzə yaxın binaya ciddi zərər dəydiyi təsbit edilib. Kənd təsərrüfatına və heyvandarlığa killi miqdarda zərər dəyib. Yanğın nəticəsində evsiz qalan sakinlərin gecələməsinin təmin edilməsi üçün tədbirlərə başlanılıb. Təxliyə olunan otel sakinlərinin hərəkət istiqamətləri istəklərinə uyğun həyata keçirilir.
Ən son məlumata görə, yanğının təsirindən xəstəxanalara cəlb edilən 183 nəfərdən 15-i evə buraxılıb.
Son iki gündə baş verən yanğınların terror aktı olmasına dair ciddi şübhələr var. PKK-nın aparıcı simalarından olan Murat Karayılanın bir az əvvəl “silahımız kibrit və çaxmaq daşıdır” təhdidi deməyə əsas verir ki, yanğınlarla bağlı başlanan istintaq yaxın günlərdə bu barədə əhəmiyyətli faktlar üzə çıxara bilər.
Qeyd edək ki, iyulun 29-da Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda meşə yanğını törətməkdə şübhəli bilinən PKK üzvləri şübhəli qısmində saxlanılıblar. Antalyanın Manavgat rayonunda isə yanğın törətməkdə şübhəli bilinən iki nəfər əsəbləri tarıma çəkilmiş insanların hücumuna məruz qalıb. Polis onları kütlənin əlindən alaraq istintaqa cəlb edib.
Yanğınların hazırkı vəziyyətinə gəldikdə bildirməliyik ki, alovların yayılmasının qarşısının alınması üçün havadan, dənizdən və qurudan ciddi müdaxilələr həyata keçirilir. Havanın isti və küləkli olması yanğına qarşı tədbirlərin təsirinə mənfi təsir edən başlıca səbəbdir. Təhlükəsizlik qüvvələri yanğın ehtimalı olan bütün ərazilərdə fəal kəşfiyyat-axtarış işləri həyata keçirirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara