ELM VƏ TƏHSİL
Türkiyəli professor UNEC-in gənc müəllimlərinin elmi potensialını yüksək dəyərləndirib
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti arasında telekörpü keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tərəflər təhsil sistemindəki müasir tendensiyaları müzakirə edib, yeni təhsil standartları barədə fikir mübadiləsi aparıblar. Sabahattin Zaim Universitetinin prorektoru, professor Arif Ersoy UNEC-in təmsil olunduğu ali məktəbə göndərilən gənc müəllimləri ilə tanışlıqdan məmnunluğunu ifadə edərək, təcrübə mübadiləsinin hər iki ölkənin ali təhsil müəssisəsi üçün faydalı olacağını bildirib. O, UNEC-in gənc müəllimlərinin elmi potensialını yüksək qiymətləndirib.
Telekörpüdə aprel ayında UNEC, Türk Dünyası Araşdırmalar Vəqfi, Sabahattin Zaim Universiteti və Bandırma On Yedi Eylül Universitetinin təşkilatçılığı ilə keçiriləcək XIV beynəlxalq bilik, iqtisadiyyat və menecment konfransından bəhs edilib. Gənc Müəllimlər Şurasının üzvlərinin ictimai elmlər sahəsində dünyanın nüfuzlu ənənəvi elmi platformasında iştirakının əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Sabahattin Zaim Universitetinin Paris Sorbon Universiteti ilə reallaşdırdığı “E-pulun hüquqi çərçivəsinə dair Fransa nümunəsi” mövzusunda videokonfrans və “UNEC ekspert” jurnalının kriptovalyutaya həsr olunan sonuncu buraxılışı müzakirə edilib. UNEC Gənc Müəllimlər Şurasının sədri Səbuhi Tanrıverdiyev jurnalda 27 ekspertin kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil etdiyini vurğulayıb. Professor A.Ersoy jurnalın növbəti sayında UNEC ekspertləri ilə birgə məqalələrlə çıxış etməkdə maraqlı olduqlarını bildirib.
Telekörpü UNEC-in Gənc Müəllimlər Şurasının Sabahattin Zaim Universitetinə ezam edilən müəllimlərinin təşəbbüsü ilə reallaşıb.