SİYASƏT
Türkiyənin Uludağ Universitetinin kollektivi Azərbaycanın regional diplomatiyası haqqında məlumatlandırılıb
Ankara, 25 noyabr, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Bursanın Uludağ Universitetində təşkil olunan “Azərbaycanın regional diplomatiyası” mövzusunda konfransda çıxış edib.
Azərbaycanın xarici siyasətinin ayrı-ayrı istiqamətlərindən, geosiyasi mövqeyinin əhəmiyyətindən, həyata keçirdiyi beynəlxalq layihələrdən bəhs edən səfir diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi mehriban qonşuluq və səmimi dostluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan özünün uzunmüddətli inkişaf konsepsiyası ilə böyük uğurlar qazanmaqdadır. Diplomat diqqətə çatdırıb ki, inkişaf və tərəqqiyə nail olmaq üçün regional əməkdaşlıq Azərbaycan diplomatiyasında prioritet məsələdir.
Xəzər İbrahim səfər zamanı Bursa valisi İzettin Küçük, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş və Uludağ Universitetinin rektoru Yusif Olcay ilə görüşlər də keçirib.
Görüşlərdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hazırkı vəziyyəti yüksək qiymətləndirilib, əlaqələrimizin inkişaf tendensiyasının yüksəlişinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara