CƏMİYYƏT
Türkiyənin bələdiyyə sədrləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 7 noyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti noyabrın 7-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Türkiyənin bələdiyyə sədrləri 1918-ci ildə Bakının daşnaklardan azad edilməsi uğrunda mübarizədə həlak olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, önünə gül dəstələri qoyublar.