CƏMİYYƏT
Tütün məmulatları ilə mübarizədə sağlam həyat tərzinin təbliği vacibdir
Bakı, 31 may, G.Mahmudlu, AZƏRTAC
Azərbaycanda tütün məmulatlarından istifadə geniş yayılıb. Bu zərərli vərdişə aludə olanlar arasında gənclər və yeniyetmələr üstünlük təşkil edir. Onlar əsasən özlərini böyümüş kimi hiss etmək və bunu ətrafda göstərmək, düşdükləri bəzi pis vərdişləri olan qruplardan geri qalmamaq, fərqlənmək üçün tütündən istifadə edirlər. Ümumiyyətlə yeniyetmələr mütəmadi olaraq yeni təəssüratlar axtarışında olurlar. Ətraf mühitlə yanaşı bəzən valideyn və ya ailə üzvlərindən birinin siqaret çəkməsi və ya hansısa filmdə baş qəhrəmanın tütündən istifadə etməsi yeniyetmələrin bu pis vərdişə aludə olmalarına zəmin yarada bilər.
Əsasən tütünün zərərli təsiri illər sonra, nikotinin kumulyativ effekti özünü göstərdikdə hiss edilir. Araşdırmalara görə, 30 yaşadək siqaretdən uzaqlaşanların ömürləri təxminən10 il uzanır.
10-12 yaşdan etibarən siqaret çəkməyə başlayanlarda isə bu vəziyyət daha da acınacaqlıdır. Belə ki, xasiyyəti formalaşmayan şəxsin psixikası üzərinə tütün asılılığı gəldikdə mübarizə daha çətin olur.
Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru Zəfər Əliyev məlumat verib.
Professor deyib: “Bəzən insanlar siqaretin şəxsi və ya iş həyatında baş verən problemləri unutmağa, əsəbləri sakitləşdirməyə kömək etdiyini deyirlər. Lakin siqaretin əsəb sakitləşdirici effekti çox qısa müddət davam edir. Psixoterapiyada tütün məmulatlarından asılılıq hallarına tez-tez rast gəlinir və xəstəlik kimi qəbul olunur. Asılılıqdan qurtulmaq həm psixoterapevtik, həm də müalicə yolu ilə mümkündür. Problemin həll edilməsi üçün ilk növbədə insan siqaretdən asılı olduğunu qəbul etməlidir. Siqareti tərgitmək insanın öz daxili aləmindən, şəxsiyyətin strukturundan daha çox asılıdır. Siqaret çəkənlər ondan nə qədər tez uzaqlaşsalar, həm psixi, həm də somatik cəhətdən qalib gəlmiş olarlar.
Tütünlə mübarizədə psixoloji üsullar çoxdur. Beynəlxalq təcrübədə 12 addım üsulu daha geniş tətbiq olunur. Azərbaycan da beynəlxalq təcrübələrdən yararlanır. Psixoloqlar siqaret asılılığı olan şəxsdən ilk növbədə fiziki aktivlik tələb edirlər. Gənclərin idmanla, orta yaşlı və yaşlı nəslin isə yürüşlə məşğul olması tövsiyə olunur. Məlum olub ki, idmanla məşğul olanların siqaretə qarşı meyli azalır”.
O deyib ki, tütün məmulatlarından asılılıq tibbi-sosial problemdir. Bunun üçün həm tibbi, həm də sosial tədbirlər görülməlidir. Siqaretdən istifadəyə qarşı mübarizə üçün ilk öncə sağlam həyat tərzi təbliğ edilməlidir. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdən tütün məmulatlarının zərərindən bəhs edən videoçarxlar nümayiş olunmalıdır. Valideynlər öz övladlarına onun zərərlərini başa salmalıdırlar. Tütünə qarşı mübarizədə Səhiyyə Nazirliyi ilə bərabər bütün yerli qurumların üzərinə də böyük vəzifə düşür. Hazırda tütün məmulatları ilə mübarizə mərkəzləri də fəaliyyət göstərir.
Z.Əliyev, həmçinin qeyd edib: “Son illər tütün məmulatları ilə mübarizə sahəsində bir sıra tədbirlər görülür. Nümunə olaraq demək olar ki, ictimai yerlərdə siqaret çəkilməsi məhdudlaşdırılıb. Siqaret çəkənlərə nisbətən, çəkməyənlər tütünün yanma məhsulundakı toksiki maddələri tənəffüslə qəbul etdikdə daha çox zərər görürlər. Müntəzəm siqaret çəkilən otaqda toksiki maddələr əşyaların üzərinə çökür. Bir siqaretin toksiki maddələri hansısa bir şəkildə ağciyərdən çıxarılana qədər 1-2 sutka vaxt keçir. Siqaret çəkənlərdən xoşagəlməz qoxu gəlir, dəri rəngləri fərqlənir, dişləri saralır. Onlarda ürək-damar, ağciyər, xərçəng xəstəlikləri meydana gəlir”.