ELM VƏ TƏHSİL
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
Bakı, 21 fevral, AZƏRTAC
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin İdarəetmə Komitəsinin növbəti iclası olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, iclasda bu qurumun elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov sözügedən layihə sayəsində Azərbaycanın ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına daha da uyğunlaşacağına inamını ifadə edib.
Sonra layihənin müvafiq ölkələr üzrə rəhbərləri, o cümlədən Fransanın Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzinin əməkdaşı Bruno Kurval, Litvanın təhsil nazirinin müavini Giedrius Viliunas və Latviyanın Akademik Məlumat Mərkəzinin rəhbəri Ramina Baiba çıxış edib, layihənin uğurla nəticələnəcəyinə əmin olduqlarını bildiriblər.
Layihənin Fransa üzrə əlaqələndiricisi Liza Baydanova ötən dövr ərzində görülən işlərlə bağlı məlumat verib, növbəti rüb üçün planlaşdırılan tədbirləri diqqətə çatdırıb.
Sonda Layihə İdarəetmə Komitəsinin növbəti iclasının may ayında keçirilməsinə dair qərar qəbul edilib.
Fransa, Litva və Latviyadan olan layihə rəhbərləri Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Dövlət Pedaqoji Universitetinin rəhbərliyi ilə görüşüb və layihənin icrası ilə bağlı məsələləri müzakirə ediblər.