ELM VƏ TƏHSİL
“UNEC Ekspert”: rezerv valyuta, beynəlxalq ticarətdə milli valyuta
Bakı, 8 yanvar, AZƏRTAC
“UNEC Ekspert” jurnalının 6-cı nömrəsi çapdan çıxıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, ildə iki dəfə nəşr olunan jurnalın yeni sayında rezerv valyutalar, pul köçürmələri, beynəlxalq ticarətdə milli valyuta mövzularına həsr edilən məqalələr yer alıb. Oxucular rezerv valyutalarla bağlı “dünya rezerv valyutalarının sayı artırılmalıdırmı?”, “dollar rezerv valyuta statusunu itirirmi?” və bu istiqamətdə digər suallara cavab tapa biləcəklər. Pul köçürmələri ilə maraqlananlar isə müasir dövrdə internet bank sistemi xidmətləri, ölkədə elektron pulların istifadəsi və tənzimlənməsi problemləri, eyni zamanda, Azərbaycanda beynəlxalq pul köçürmələri bazarının mövcud vəziyyəti və perspektivləri ilə tanış olacaqlar. Jurnalda beynəlxalq ticarətdə milli valyuta ilə bağlı UNEC-in ekspertlərinin dollarlaşma, avrolaşma və kiçik ölkələrin riskləri, neft ixrac edən ölkələrin dollardan asılılıq problemi, neftin milli valyuta ilə satılması perspektivləri, eləcə də digər aktual məsələlərlə bağlı araşdırmaları dərc olunub.