ELM VƏ TƏHSİL


UNEC tələbəsinin startapı dünya çempionu oldu

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Birləşmiş Krallığın dəstəyilə “British Council” tərəfindən keçirilən “Creative Spark” müsabiqəsində dünya çempionu olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Londonda keçirilməsi nəzərdə tutulan, lakin koronavirus pandemiyasına görə onlayn təşkil edilmiş yarışda Beynəlxalq İqtisadiyyat Məktəbinin biznesin idarəolunması ixtisası üzrə III kurs tələbəsi Məhəmməd Kekalovun “Kekalove adaptive fashion” biznes ideyası həm dünya çempionu (grand champion), həm də “Yaradıcı” (Creative) kateqoriyası üzrə qalib olub.

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukraynanın təmsil olunduğu biznes yarışının məqsədi Birləşmiş Krallıq da daxil olmaqla, 7 ölkədə sahibkarlıq təhsilini dəstəkləyəcək tərəfdaşlıqların qurulması, biznes mərkəzlərinin yaradılması, o cümlədən gənclər üçün ingilis dili və sahibkarlıq mövzusuna aid təlimlərin keçirilməsidir.

UNEC tələbəsinin biznes startapı fiziki məhdudiyyətləri nəzərə alan xüsusi geyimləri dizayn və istehsal edir. Layihəyə əsasən, fiziki qüsurlu şəxslərin geyim seçimləri ilə bağlı öncədən sorğu təşkil olunur. Sonra isə onların fiziki məhdudiyyətinə uyğunlaşdırılmış geyimlər hazırlanır. Dünyada 1 milyarddan çox fiziki qüsurlu insan var ki, onların 190 milyona yaxını gündəlik həyatda geyimlə bağlı ciddi çətinliklərlə üzləşir. UNEC tələbəsinin startapı da məhz bu problemin həllinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.