MƏDƏNİYYƏT


UZAQ ƏCDADIMIZIN KÖLGƏLƏRİ YENİDƏN “CANLANACAQMI”?

Bu il Fərəc Qarayevin “Qobustan kölgələri” birpərdəli baletinin Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində ilk tamaşasının 35 ili tamam olur. 1970-ci ildə səhnələşdirilmiş bu maraqlı tamaşanın ərsəyə gəlməsində Azərbaycan incəsənətinin tanınmış ustaları – baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədovun, rəssam Toğrul Nərimanbəyovun böyük əməyi olmuşdur.

...Bakının bir neçə kilometrliyində yerləşən Qobustanın nadir qayaüstü yazıları uzun illərdən bəri dünya alimlərinin diqqətini cəlb edir. Bu yazılarda bəşəriyyətin inkişafının erkən mərhələlərini öyrənmək üçün zəngin material var. Azərbaycanın parlaq və özgün incəsənəti öz köklərini ibtidai rəssamın tişəsi və zəngin təxəyyülü sayəsində yaranmış bu möcüzədən götürür. Rəsmlərdə planetimizin bütün insanları və xalqlarına yaxın olan mövzular – Od və Günəş, Su və Külək, Kişi və Qadın, Ov, Qurbankəsmə, Rəqs... öz əksini tapmışdır. Əzəmətli Cingirdağın ətəklərindəki nəhəng qavaldaş Təbiətin özü tərəfindən yaradılmışdır. Bir çox alimlərin tədqiqatlarına əsasən, qədim insanlar öz mərasimlərində qavaldaşdan istifadə etmişlər.

...Qobustan möcüzələri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin oğlu, o zaman hələ cavan olan Fərəc Qarayevi qədim əcdadımız haqqında balet yazmağa ruhlandırmışdı. Bəstəkar o dövr üçün bu cəsarətli ideyanın həyata keçirilməsinə öz həmfikirlərini cəlb etmişdi və yeni formalı, ümumbəşəri dəyərləri önə çəkən dərin humanist məzmunlu tamaşanı bakılılar rəğbətlə qarşılamışdılar.

Həmin il “Qobustan kölgələri” baleti Fransada Azərbaycan mədəniyyəti günləri çərçivəsində böyük uğurla nümayiş etdirilmişdi. Paris tamaşaçıları baletin yaradıcılarını və artistləri ayaq üstə alqışlamışdılar.

Hazırda bu maraqlı balet tamaşası, demək olar ki, unudulmuşdur və çoxdandır teatrın repertuarına daxil edilmir.

Ümidvarıq ki, “Qobustan kölgələri” yenidən “canlanacaq” və onu səhnəmizdə bir daha görəcəyik...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.