REGİONLAR
Ucara gətirilən cins camışlar dabaq xəstəliyinə qarşı peyvənd edilib
Bakı, 26 iyul, AZƏRTAC
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə iyunun 19-da “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ölkəmizə Macarıstandan macar cinsli 125 baş (onlardan 122 başı ana, 3 başı isə erkək) camış gətirilib. Gətirilən heyvanlar lizinq yolu ilə Ucar rayonunun Təzə Şilyan kəndində yerləşən Məmmədov Məzahirə məxsus təsərrüfata verilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iyulun 20-dən təsərrüfata Ucar Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq baxışı keçirilərək karantin qoyulub.
İyulun 24-də isə təsərrüfata gətirilən camışlarda epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. 125 baş camışda aparılan peyvəndləmə tədbiri Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Ucar rayonuna ezam edilmiş əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” prinsipinə uyğun icra edilib.
Həmçinin təsərrüfat sahibinə lazımi baytarlıq tövsiyələri verilib.
Qeyd edək ki, iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə həssasdır. İribuynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı A, O, “Asiya-1” tipli polivalent vaksinlə peyvənd aparılır. Peyvənd vasitəsi bir baş qaramala bir doza (2 ml) miqdarında boyun nahiyəsinə dərialtına inyeksiya edilir.
Rayon (şəhər) baytarlıq idarələri profilaktik tədbirlərin aparılması üçün lazımi avadanlıq və biopreparatlarla təmin olunub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkə ərazisində dabaq xəstəliyinə qarşı 2018-ci ilin 6 ayı ərzində 2566041 baş iribuynuzlu, 4819445 baş xırdabuynuzlu heyvanda peyvəndləmə aparılıb və epizootik sabitlik qorunub saxlanılıb.