REGİONLAR
Ucarda 15 min hektardan çox sahədə payızlıq bitkilərin əkiləcəyi gözlənilir
Ucar, 7 iyul, AZƏRTAC
Ucar rayonunun torpaq mülkiyyətçiləri bu günlər yay qayğıları yaşayırlar. Artıq bütün ərazi vahidlərində payızlıq əkinlər üçün yay şumu çıxarılır ki, bu da gələn il bol məhsul əldə edilməsində xüsusi önəm kəsb edən aqrotexniki tədbirdir.
Rayon kənd təsərrüfatı idarəsindən bununla əlaqədar AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə Ucarda azı 15 min hektardan çox sahədə payızlıq bitkilər, əsasən də taxıl əkiləcəyi gözlənilir. Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər, eləcə də fiziki şəxslər hazırda əkinçilikdə bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılması üçün ciddi səy göstərirlər. Hələlik sahələrə 12-15 şum traktoru çıxarılır ki, bu texnikanın qüvvəsi ilə gündə 120-150 hektarda şum qaldırılır. Yaxın günlərdə texnikanın sayının 30-35-ə çatdırılması üçün tədbirlər görülür.
Rayonun əksər ərazilərində, xüsusilə daha çox payızlıq əkin aparılacaq Yuxarı Şilyan, Çiyni, Qaziyan və bir sıra digər ərazi vahidlərində bu iş daha mütəşəkkil görülür.