REGİONLAR
Ucarda şəhidin xatirəsinə bulaq tikilib
Ucar, 17 yanvar, AZƏRTAC
Ucar rayonunun Ramal kəndində Birinci Qarabağ müharibəsində şəhid olan Etimad Fikrət oğlu Məmmədovun xatirəsinə tikilən bulağın açılış mərasimi keçirilib. Açılış mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Etimad Məmmədovun keçdiyi şərəfli döyüş yolundan danışıb, onun elə-obaya bağlı cəsur bir insan olduğunu söyləyiblər.
Şəhidin anası Limon Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Sonda şagirdlərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, Etimad Məmmədov 1968-ci ildə Ucarın Ramal kəndində dünyaya gəlib. 1992-ci ildə Vətənin dar günündə torpaqlarımızın müdafiəsinə yollanıb. Müxtəlif istiqamətlərdəki döyüşlərdə igidliklə vuruşub. Sonuncu döyüşü 1994-cü ildə Füzuli rayonunun Abdulrəhmanlı kəndində olub. Burada silahdaşlarını döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib. Təəssüf ki, onun cəsədini döyüş meydanından çıxarmaq mümkün olmayıb.