İDMAN
Uels millisinin kapitanı Qaret Beyl: Oyunda kimin qol vurduğu deyil, nəticə əsasdır
Bakı, 11 iyun, AZƏRTAC
Bizi sabah İsveçrə yığması ilə çətin oyun gözləyir. Rəqib hücuma meylli oyun nümayiş etdirir. Futbolçularım oyuna tam hazırdır. İtaliya qrupumuzun favoriti hesab olunur. Hər bir komandaya hörmətlə yanaşırıq.
AZƏRTAC xəbər verir ki, bunu “Avro-2020” çərçivəsində Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşacaq Uels millisinin baş məşqçisi Robert Peyc iyunun 11-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, ötən həftə Albaniya millisi ilə yoldaşlıq oyunu keçirdik. Oyunda qalib müəyyənləşmədi. Həmin oyunda müəyyən səhvlərə yol verdik. Bəzi problemlərimiz də var idi. “Avro-2020”nin oyunlarınadək bunları aradan qaldırmağı bacardıq.
Uels millisinin kapitanı Qaret Beyl çempionata tam hazır olduqlarını vurğulayaraq deyib: “Biz çempionata yaxşı başlamaq, özümüzü yüksək mövqelərdə görmək istəyirik. Buna görə də əsas hədəfimiz oyunda qalib gəlməkdir. Oyunda kimin qol vurduğu deyil, nəticə əsasdır”.
A qrupundakı rəqibləri ilə bağlı danışan futbolçu bildirib: “Bu turnirdə hər oyun çətindir. İtaliya öz tarixi ilə dünyanın ən güclü komandalarındandır. İsveçrə də dünyada ilk onluqdadır. Türkiyə son vaxtlar bir neçə güclü komandanı məğlub edib. Qarşıda çətin oyunlarımız var. Həqiqətən, rəqiblərindən hər hansını ayrıca qeyd edə bilmirəm, hamısı gücü komandalardır”.
Uels-İsveçrə matçı iyunun 12-də saat 17:00-da başlayacaq.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 16-da Türkiyə - Uels, dörd gün sonra Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək. A qrupunda yer alan İtaliya millisi oyunlarını doğma meydanda keçirəcək.