MƏDƏNİYYƏT
Ukrayna paytaxtında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olacaq
Kiyev, 7 dekabr, AZƏRTAC
Dekabrın 11-də P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Böyük zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olacaq. Konsert ölkəmizin Ukraynadakı səfirliyi tərəfindən təşkil edilir.
Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Ulu Öndər, Ukrayna xalqının böyük dostu Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsertdə “Kiyevskaya kamerata” Milli Solistlər Ansamblı iştirak edəcək. Ukraynada ən məşhur və yüksək peşəkarlığı ilə seçilən kamera orkestrlərindən biri olan bu kollektivə Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlov dirijorluq edəcək.
Proqramda Azərbaycanın və Ukraynanın görkəmli bəstəkarlarının əsərləri səslənəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev