SİYASƏT
Ukrayna portalı erməni işğalçılarının viran qoyduğu yurd yerlərimizdən yazıb
Kiyev, 24 aprel, AZƏRTAC
Ukraynanın “Asmedia” xəbər portalı AZƏRTAC-ın “Erməni işğalçılarının viran qoyduğu yurd yerlərimiz - fotolar danışır” sərlövhəli məqaləsini dərc edib.
Məqalədə Füzuli şəhəri, Zəngilanın Mincivan qəsəbəsi və Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntüləri təqdim edilib. Qeyd edilib ki, düşmənin törətdiyi ağlasığmaz vəhşiliklər, ölçüyəgəlməz dağıntılar müharibədən sonra sənədləşdirilir, fotoobyektivin yaddaşına köçürülür. Bu işdə AZƏRTAC-ın çəkiliş qrupu da yaxından iştirak edir. Bir neçə aydır ki, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının ərazilərində çəkilişlər gedir. Tərkibinə jurnalist, fotoqraf və operatorun daxil olduğu qrup kəndbəkənd, məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzir, erməni vəhşiliyinin izlərini lentə alır, dağıntıların qeydiyyatını aparır.
Yeri gəlmişkən, müharibədə söz də bir silah, jurnalist də bir əsgər olur. Fəaliyyətini bu prinsip əsasında quran AZƏRTAC-ın kollektivi İkinci Qarabağ müharibəsinin ilk saatlarından bütün yaradıcı və texniki potensialını səfərbər etdi. Döyüş əməliyyatlarının gedişini mütəmadi işıqlandırmaq, münaqişə barədə həqiqətləri, düşmənin müharibə cinayətlərinə dair informasiyaları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə sutkanın 24 saatı gücləndirilmiş iş rejimində çalışdı. İlk gündən bölgəyə ezam olunan müxbirlərimiz şanlı Azərbaycan Ordusunun azad etdiyi rayonlarımızdan foto və video reportajlar hazırlayaraq dünyaya yaydılar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev