SİYASƏT
Ukraynanın Vinnitsa vilayətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbirlər keçiriləcəkdir
Bakı, 21 dekabr (AZƏRTAC). Ukraynanın Vinnitsa vilayətində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK), Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə köməyi və təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş silsilə tədbirlər keçiriləcəkdir.
Bu barədə AZƏRTAC-a məlumat verən UAK-ın Vinnitsa regional təşkilatının sədri Eyvaz Quliyev bildirmişdir ki, vilayətin azərbaycanlıların təhsil aldıqları ali və orta məktəblərində musiqi gecələrinin, xeyriyyə aksiyalarının və müxtəlif görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. E.Quliyev bildirmişdir ki, yerli hakimiyyət nümayəndələrinin və təhsil müəssisələri rəhbərlərinin qatılacaqları tədbirlər Vinnitsa vilayətində yaşayan azərbaycanlıların sıx birləşməsinə kömək edəcək, Azərbaycan və Ukrayna xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcəkdir.
E.Quliyev bildirmişdir ki, hazırda vilayətin müxtəlif ali məktəblərində 180 azərbaycanlı tələbə təhsil alır. Azərbaycan gəncləri Vinnitsa Tibb, Texniki, Pedaqoji universitetlərində və digər ali məktəblərdə oxuyurlar.