SİYASƏT
Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olmuşdur
Bakı, 5 may (AZƏRTAC). Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olmuşdur.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a məlumat verilmişdir.
Viktor Yuşşenko Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə aprelin 27-30-da Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmişdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə yaradılmışdır. Mərkəzin əsas məramı müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ edilməsi, Nizami Gəncəvinin əsərlərindəki ümumbəşəri dəyərlərin daha geniş miqyasda yayılmasıdır.
Azərbaycanda təsis olunmasına baxmayaraq, Mərkəzin qərarverici qurumu və üzvləri beynəlxalq heyətdir.