REGİONLAR
“Ulu Aqro” MMC-nin Qax aqroparkının buğda sahələrinin hər hektarından 65-70 sentner məhsul götürülür FOTO
Qax, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, son illər ölkəmizdə aqroparkların yaradılması istiqamətində davamlı iş aparılır. Rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının artırılmasında xüsusi əhəmiyyət kəsb edən aqroparklar kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayır. Belə aqroparklardan biri də Qax rayonunun Ağyazı kəndi ərazisində yaradılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Ulu Aqro” MMC-nin Qax aqroparkında görülən işlərlə yerində tanış olmaq məqsədilə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) iyulun 5-də aqroparka mediatur təşkil edib.
Media nümayəndələri aqroparkın fəaliyyəti ilə yaxından tanış olublar. Bildirilib ki, 2018-ci ilin oktyabrından fəaliyyətə başlayan “Ulu Agro” MMC-nin Qax aqroparkının ümumi ərazisi 2044 hektar təşkil edir. Ərazinin 795 hektarında müasir meyvə bağları salınıb. Meyvə bağlarında alma, üzüm, armud, gilas, gavalı, ərik, şaftalı, nektarin, badam, qoz, fındıq ağacları əkilib. Meyvə tingləri Türkiyə, İspaniya və Fransadan gətirilib. Bağlardan hazırda ərik, gilas, nektarin, şaftalı və digər meyvələrin yığımı həyata keçirilir.
Aqroparkın icraçı direktoru Məhərrəm Məhərrəmovun sözlərinə görə, ötən ilin payızında aqroparkda cari ilin məhsulu üçün 200 hektarda arpa, 850 hektarda buğda, həmçinin bu il 200 hektar sahədə qarğıdalı əkilib. Arpa biçini artıq başa çatıb və hazırda buğda biçini aparılır. Suvarılan buğda sahələrinin hər hektarından orta hesabla 65-70 sentner məhsul götürülür. Qarğıdalı sahəsinin hər hektarından isə 140-150 sentner məhsul götürülməsi nəzərdə tutulur.
İcraçı direktor bildirib ki, arpa biçini başa çatdıqdan sonra ərazidə 100 hektaradək sahədə dən üçün qarğıdalı əkilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb və indiyədək 50 hektarda şum aparılaraq təkrar qarğıdalı əkilib.
Diqqətə çatdırılıb ki, aqroparkda 112 nəfər daimi, 600 nəfərdən çox mövsümi işçi çalışır. Mövsümi işçilərin əksəriyyəti demək olar ki, ilboyu çalışırlar. Aqroparkın ərazisində 4500 tonluq silos kompleksi, ümumi tutumu 4 min ton həcmində olan 4 ədəd üstü örtülü taxıl anbarı, 5, 10, 20 və 50 min ton tutuma malik 4 suvarma hovuzu fəaliyyət göstərir. Aqroparkda 3 nasos stansiyası və 28 pivot suvarma sistemi quraşdırılıb. Bu, ümumilikdə, 856 hektardan çox ərazinin suvarılmasına imkan verir. Aqroparkın meyvə bağlarının ərazisi isə damlama suvarma sistemi vasitəsilə suvarılır.
Qeyd edək ki, aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdədir.
Hazırda ölkənin 32 rayonu üzrə 239 min 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır.
İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, onlardan 26-na investisiya təşviqi sənədi verilib. Bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) ediblər.
Hazırda aqroparklarda, ümumilikdə, 4500 nəfərədək daimi, 6300 nəfərdən çox isə mövsümi işçi çalışır.