ELM VƏ TƏHSİL
Ulu Öndər Heydər Əliyevin liderlik keyfiyyətləri dünya miqyasında qəbul olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Müasir Azərbaycan dövlətinin banisi və qurucusu” mövzusunda elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. O, Ulu Öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü söyləyib. G.Baxşəliyeva dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə Azərbaycanda böyük iqtisadi inkişafa nail olunduğunu vurğulayıb, Ulu Öndərin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib.
İnstitut rəhbəri Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən G.Baxşəliyeva Ulu Öndərin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Elmi sessiyada institut əməkdaşlarının “Heydər Əliyevin elm və təhsilin inkişafında rolu”, “Ulu Öndərin qələbəmiz üçün verdiyi ümidlər”, “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın iqtisadi inkişafı” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında mühüm xidmətlərindən, bütün sahələrdə olduğu kimi elm və təhsilin inkişafına da göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.