ELM VƏ TƏHSİL
Ulu Öndər həmişə xalqı düşünürdü...
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov Ümummilli Liderin həyat və fəaliyyətindən danışıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimizdir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir millətin təmsilçisi, sərkərdəsi olaraq Heydər Əliyev ucalığının bir təcəssümüdür.
Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov ulu öndər Heydər Əliyevin siyasi yolu, dünya tarixindəki yeri haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan Respublikasının memarı, dahi rəhbər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Radiasiya Problemləri İnstitutu direktorunun elmi işlər üzrə müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva və başqaları görkəmli dövlət xadimi Heydər Əliyevin xalq və dövlət qarşısında xidmətlərindən danışaraq bu dahi şəxsiyyətin xalqımızın yaddaşında daim yaşayacağını bildiriblər.