REGİONLAR
Ulu Öndər müasir Azərbaycanda güclü dövlətçilik məktəbi yaradıb
Şirvan, 16 oktyabr, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərindəki Heydər Əliyev Mərkəzində AMEA-nın Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: müstəqil dövlətçilik və müasirlik” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Fəlsəfə İnstitutu Təşkilatının sədri Sənan Həsənov, institutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. 40 ildən artıq olan bir dövr Heydər Əliyev şəxsiyyəti ilə, onun quruculuq fəaliyyəti və ölkənin tərəqqisi naminə mübarizəsi ilə bağlıdır. Ulu Öndər müasir Azərbaycanın tarixi inkişaf prosesinin əsasını qoyaraq, güclü dövlətçilik məktəbi yaradıb.
Tədbirdə kollecin tələbələrinin ifasında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş şeirlər və mahnılar ifa edilib.