ELM VƏ TƏHSİL
Ulu Öndər xalqımızın müstəqillik arzusunun həyata keçirilməsini təmin edib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rektor Cəfər Cəfərov ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin idarəçilik və dövlətçilik fəaliyyətindən bəhs edib. Rektor qeyd edib ki, biz bu gün həyatımızın hansı sahəsinə diqqət yetirsək, xalqımızın bu böyük oğlunun fədakar əməyinin, çoxcəhətli fəaliyyətinin uğurlu nəticələrini görürük. Dahi şəxsiyyət Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən respublikamızı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxarmışdı. 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatının yüksəliş dövrü başlanıb.
Ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqımızın milli müstəqillik arzusunun bütövlükdə həyata keçirilməsini təmin edib. Öz müdrik siyasəti, zəngin idarəçilik və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanın formal, nominal müstəqilliyini faktiki, hüquqi müstəqilliyə çevirib. Ulu Öndər müstəqil dövlətimizi qurub, gücləndirib, dünya miqyasında tanıdıb, Azərbaycanı nüfuzlu və mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvü edib. Prezident İlham Əliyevin uzaqgörən və tərəqqipərvər siyasəti Azərbaycanı regionun lider dövlətinə çevirib.
Tədbirdə ADPU-nun Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova və Tələbə Gənclər Təşkilatının sədr müavini Taleh Mirzəyev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin, mədəniyyətin, gənclərin inkişafına göstərdiyi misilsiz xidmətlərindən söhbət açıblar.
Tədbirdə ulu öndər Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.