REGİONLAR
Ulu Öndər xalqımızın taleyində xilaskar missiyasını şərəflə yerinə yetirib
Qəbələ, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 27-də Qəbələdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, ziyalıların, ağsaqqalların iştirak etdiyi konfransın əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açaraq, Azərbaycanın milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin Azərbaycan dövlətçiliyini xaos və böhrandan çıxardığını, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirdiyini bildirib. Qeyd olunub ki, dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi yaradıb, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən irs, siyasi məktəb miras qoyub. Ümummilli Lider ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.
Konfransda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi 34 ilin milli intibah dövrü kimi, tarixi yaddaşımıza əbədi həkk olunduğunu, bu dövrün həyatımızın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü olduğunu bildiriblər.
Konfransın sonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı videoçarx nümayiş olunub.