REGİONLAR
Ulu Öndərimizin təşəbbüsü ilə Naxçıvanda dövlətçiliyimizin bərpası istiqamətində bir sıra mühüm işlər görülüb
Naxçıvan, 17 noyabr, AZƏRTAC
1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetində 17 noyabr - Azərbaycan Dövlət Bayrağının ilk dəfə Naxçıvanda Qaldırıldığı Gün münasibətilə keçirilən konfransda ətraflı danışılıb.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən ali təhsil ocağının rektoru, dosent Nurlana Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamının tarixi əhəmiyyətindən danışıb.
Rektor qeyd edib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dövlət atributlarına hörmət və ehtiram keçmişdə də, bu gün də yüksək səviyyədədir. Beş min illik şəhər mədəniyyəti tarixinə malik Naxçıvan dünya sivilizasiyasına möhtəşəm mədəniyyət nümunələri ilə yanaşı, yüz illər boyu formalaşmış böyük dövlətçilik ənənələrini də miras qoyub.
Nurlana Əliyeva vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş tarixi torpaqlarımızı düşmən tapdağından azad edib üçrəngli bayrağımızı torpaqlarımızda dalğalandırır.
Sonra Ümumi tarix kafedrasının müəllimləri professor Vəli Baxşəliyevin, Nuray Hacıyevanın, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanovun və dosent Elçin Zamanovun məruzələri dinlənilib.